Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı Rusiyanın Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçirilmiş görüşlə bağlı vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Turana açıqlamalar veriblər. “Soçi görüşünün nəticələrini ictimaiyyətə görüşün təşkilatçı və iştirakçıları açıqlamalı idilər”, - deyə “Azərbaycan Naminə Forum” ictimai birliyinin sədri Eldar Namazov ilkin olaraq iradını qeyd edib. Dövlət başçılarının mətbuata açıqlama verməmələrini müsbət saymayan E.Namazov bu məsələ ilə bağlı RF xarici işlər naziri Sergey Lavrovun açıqlamasını təəccüblü və qəribə adlandırıb. “Tərəflərə problemin həllilə bağlı bir neçə həftə ərzində təkliflər hazırlamaq tövsiyəsi vermək ATƏT-in Minsk qrupuna aid texniki məsələdir. Əgər Rusiya kimi dövlətin prezidenti səviyyəsində təşkil edilən görüşdə razılaşmalar əvəzinə tövsiyələr verilirsə, bu RF-nin Minsk qrupunun işini təkrarlamaq istəyidir və elə görüşün nəticəsizliyidir”, - deyə E.Namazov üçtərəfli görüşə qiymət verib. Bu formatda görüşlərin mümkün perspektivinə toxunan E.Namazov belə görüşlərdən nəticə gözləmədiyini söyləyib. Bu görüşdə hər-hansı nəticə olmadığı halda o zaman belə görüşün nəyə lazım olması sualının ortaya gəldiyini deyən E.Namazov hələ bu görüşə qədər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın 2010-cu ildə Qarabağ probleminin həllində hər-hansı irəliləyiş olmayacağı, bununla da İrəvanın bu görüşlə bağlı rəsmi Kreml və Bakıdan fərqli mövqe nümayiş etdirdiyini xatırladıb. “Krasnaya Polyana”da gözəl gəzintilər, gözəl səyahətlər olsa da, ortada ciddi nəticələr olmadı”, -deyə E.Namazov görüşlə bağlı yekun rəyini ifadə edib və danışıqlarda sənədin preambula hissəsində tərəflərin razılıq əldə etməsini ironik olaraq rusların “yüyəni tapmışıq, indi qalır at almaq” məsəlilə müqayisə edib. “Qərb-Şərq Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclu isə görüşün nəticəsiz qurtaracağının hələ görüşdən öncə bəlli olduğunu iddia edib. Bu zaman Ə.Oruclu son bir ildə Rusiyanın təşkil etdiyi 4 görüşün nəticəsizliyinə diqqət çəkib. “Rusiyanın məqsədi problemi həll etmək yox, problemin onsuz həll oluna bilməməsini göstərməkdir, beynəlxalq aləmə “mən də varam” mesajıdır”, - deyə Ə.Oruclu görüşün mahiyyətinə toxunub. Onun fikrincə, problemin hansısa formada həlli Azərbaycan və Ermənistanı da qane etmir. Ə.Oruclu bu formatda görüşlərdən perspektivdə belə pozitiv nəticə gözləməyin yersiz olduğunu qeyd edib. “Rusiya belə münaqişələri yaratmaqla Qafqazda siyasi varlığını təmin edib, bu məsələlər həllini tapandan sonra Rusiyanın Qafqazda qalmaq üçün əlində münaqişələrə rəqabətli olacaq alternativi yoxdur və ona görə də münaqişələrin davam etməsində maraqlıdır”, - deyə Ə.Oruclu Rusiyanın problemin həllinə münasibətini ifadə edib. Onun sözlərinə görə, Rusiya belə görüşləri təşkil etməklə əslində problemin həlli formatını indiki “üçtərəfli tərkib”ə qədər azaltmaq istəyir. “Qarabağ problemi bu şəkildə qaldıqca Rusiya Qafqazda varlığını qoruyub saxlayır və buna görə də onun həllinə heç zaman maraq göstərməyəcək”, -deyə Ə.Oruclu qəti mövqeyini ifadə edib. TURAN
|