Aldadılan rayon sakinləri hələ də pullarını geri ala bilməyiblər Salyan sakinlərinin fırıldaqçılar tərəfindən aldadılması və külli miqdarda pulun mənimsənilməsi barədə ötən saylarımızın birində məlumat vermişdik. Məlumat üçün xatırladaq ki, İlham Məmmədov adlı keçmiş polis məmuru müxtəlif adamlardan borc adı altında və yaxud hansısa işi görmək müqabilində külli miqdarda pul alıb. Amma sonradan bu pullar geri qaytarılmayıb. Haqqlarını tələb edənlər isə həbs etdirilməklə hədələnilirdi. Sakinlərin dövlət orqanlarından kömək istəyi də nəticəsiz qalır. Bu günə qədər prokurorluğa və məhkəməyə edilən şikayətlər heç bir nəticə verməyib. Sakinlər bir neçə aydır ki, məhkəmə qarşısında olsalar da, nədənsə, hakim işi yubadır və ortada konkret sübutlar olsa da, hökm çıxartmağa tələsmir. Ötən gün bununla bağlı yenidən «Alma» qəzetinə müraciət edən Salyan sakinləri məhkəmənin işi hələ də yubatdığını bildirdilər. İlham Məmmədov tərəfindən 8800 dollar pulu mənimsənilən Azər Qurbanov hüquq-mühafizə orqanlarından və məhkəmədən heç bir çağırış almadıqlarını bildirdi. Onun sözlərinə görə, işlə heç kim maraqlanmır: «Bizimlə heç kim maraqlanmır. Nə çağırıb dindirən, izahat alan var, nə də ki, bir söz deyən. Bütün instansiyalara şikayət etmişik. Hər şey ortadadır. Bütün faktlar məhkəməyə bəlli olsa da, hökm çıxarmırlar. Bu da insanların haqlı olaraq İlham Məmmədovun məhkəmə və polis haqqında dediklərinə inanması ilə nəticələnir. O, gah deyir «keçmiş polis işçisi olduğum üçün məni tutmayacaqlar», gah da deyir ki, «hamının haqqı çatıb, buna görə məni həbs etməyəcəklər. Biz təbii ki, buna inanmaq istəmirik. Amma işin araşdırılmaması, səkkiz aydan artıq vaxt keçməsinə baxmayaraq bir nəticənin ortaya çıxmaması bizi şübhələndirməyə başlayıb». Azər Qurbanov bildirdi ki, çarəsizlikdən artıq daha yuxarı instansiyalara müraciət etmək istəyirlər: «Pulumuzu alacağımıza inamımız artıq itib. Buna görə də prezidentə, daxili işlər nazirinə, respublikanın baş prokuroruna və digər səlahiyyətli şəxslərə müraciət etmək istəyirik». İlham Məmmədov, Azər Qurbanov, Aydın Məmmədov, Fərqanə Ələkbərova, Əli Axundov və başqa onlarla rayon sakinin ümumilikdə 1 milyon dollardan artıq ziyana düşdüyü iddia olunur. Deyilənə görə, fırıldaqçı, qardaşı, Dövlət Sərhəd Xidmətinin Şəmkirdəki hərbi hissəsində komandir müavini işləyən Kərim Məmmədov tərəfindən himayə edilir. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Pərvin
|