Yanvar ayının 26-da Milli Kitab Mükafatının Ekspertlər Şurası müsabiqəyə təqdim olunmuş 265 əsərdən 20-ni seçib. Xeyli müddət idi ki, mükafatla bağlı söz - söhbətlər səngimək bilmirdi. Azad Yazarlar Ocağının (AYO) bir qrup üzvü və bəzi yazarlar mükafatlandırmanın ədalətli keçməyəcəyini iddia edərək müsabiqəyə qatılmaqdan imtina etmişdi. Nəhayət ki, 20 ən yaxşı əsər cəmiyyətə təqdim edildi. Azad yazarların bu seçilmiş siyahını necə qiymətləndirdiyini bilmək üçün onlarla əlaqə saxlayıb, fikirlərini öyrəndik. Rasim Qaraca: “AYO-nun toplantısında biz qərara gəlmişdik ki, müsabiqəyə əsərlər təqdim etməyək” Şair Rasim Qaraca Milli Kitab Müsabiqəsinin yaradılmasının təqdirəlayiq hal hesab etdiyini, amma bununla yanaşı, bəzi narazılıqlarının da olduğunu bildirdi: “Milli Kitab Müsabiqəsinin yaradılmasını təqdirəlayiq hal hesab edirəm. Əsas odur ki, niyyətləri gözəldir. Amma 263 kitabı az vaxtda oxuyub qiymətləndirmək mümkün deyil. Görünür, müəlliflərin adlarına baxaraq siyahı tərtib ediblər. Bütün bunları ilk adım və ilk təşəbbüs olmasına görə bağışlamaq olar. AYO-nun toplantısında biz qərara gəlmişdik ki, müsabiqəyə əsərlər təqdim etməyək. Çağdaş ədəbi proses, ancaq AYO-da baş verir. AYO-çular bu müsabiqəyə əsər versəydilər, onda gərək bütün mükafatları biz qazanardıq. Qeyd edim ki, münsiflər heyətində elə adamlar var ki, onların ədəbiyyata dəxli yoxdur. Düzü, bizim onların obyektivliyinə elə də inamımız yox idi. Azərbaycanda ədəbi, mədəni proyektlərin həyata keçirilməsi o qədər çətindir ki, bir gənc xanımın irəli düşərək belə müsabiqə keçirməsi həqiqətən möcüzədir. Cəngəllik qanunlarının hökm sürdüyü bir ölkədə, bu cür tədbirlərin həyata keçirilməsi həqiqətən təqdirə layiqdir.” Seymur Baycan: “Həmid Herisçi və Rafiq Tağı prinsipsizlik göstəriblər”
Azad Yazarlar Ocağının sədri, yazıçı Seymur Baycan məsələyə belə aydınlıq gətirdi: “Sadəcə olaraq münsiflər heyəti ilə problemimiz olduğundan biz müsabiqədə iştirak etməmək qərarı verdik. Bu müsabiqə haqqında ciddi, mənfi fikir söyləyə bilmərəm. Belə addımlar təqdirəlayiqdir və hamıya uğurlar arzulayıram. Siyahını onlar seçdiyinə görə mənim nəsə deməyim düzgün deyil. Konkret iki nəfər şəxsin adını çəkə bilərəm ki, onlar Azərbaycan dilini bilmirlər. Onların Azərbaycan dilində olan əsərləri necə oxuduqları da mənə məlum deyil. Elnur Baimovla Balaş Qasımov Azərbaycan dilini bilmirlər. Mən başa düşmürəm bunlar Azərbaycan dilini bilməyə-bilməyə əsərləri necə oxuyub, qiymətləndiriblər. Mənim işim münsiflər heyəti ilədir. Onlar da əsərləri öz bildikləri kimi seçiblər”. “AYO qərar vermişdi ki, müsabiqəyə qatılmayacaq. Bəs necə oldu ki, AYO-çu Həmid Herisçi ilə Rafiq Tağı müsabiqəyə əsərlərini təqdim elədilər” sualımıza isə Seymur Baycan belə münasibət bildirdi: “Biz ümumi qərara gəlmişdik ki, müsabiqəyə qatılmayaq. Səbəb də münsiflər heyəti ilə bağlı idi. Həmid Herisçiyə şəxsən özüm demişdim ki, müsabiqəyə qatılmasın. İndi Həmidin bu hərəkətini mən başa düşmürəm. Rafiq Tağı üzüyumşaq adamdır. Nigar xanım xahiş edib, o da müsabiqəyə qatılıb. Həm də AYO-da məcburiyyət yoxdur, kim istəyir iştirak edib. Təbii ki, mən narazıyam: AYO -çular orada iştirak etməməliydilər. Əgər qərar qəbul edilmişdisə, qərara hörmət eləmək lazımıydı. Münsiflər heyətində olan bəzi insanlardan obyektivlik gözləmək mümkün deyil. Müsabiqənin əleyhinə deyilik, əks təbliğat da aparmırıq, sadəcə biz qərara gəlmişdik ki, iştirak etməyək. İştirak etməyənlərə öz təşəkkürümü bildirirəm. Yenə də deyirəm: Həmid Herisçi ilə Rafiq Tağı prinsipsizlik göstərdilər.” Qan Turalı: “...mən Azərbaycan dövlətinin dəstəklədiyi mədəni projeyə qatılmağın əleyhinəyəm” Yazıçı, publisist Qan Turalı isə təqdim edilən siyahının çox normal olduğunu, amma bununla belə orada gülünc müəlliflərin də mövcud olduğunu bildirdi: “Orada Seymur Baycanın, Aqşin Yeniseyin, Əli Əkbərin də əsərləri ola bilərdi. Sadəcə olaraq onlar bu müsabiqəyə əsər verməyiblər. Siyahı kifayət qədər normaldır. Çünki bu siyahıda Həmid Herisçi, Rafiq Tağı, Şərif Ağayar kimi istedadlı və öndə gedən yazarlar var. Amma adını çəkdiyim müəlliflərlə eyni siyahıda Taleh Şahsuvarlının olması məni çox güldürdü. Məncə, onun əsəri bu siyahıda yer almamalı idi”. Nəyə görə Taleh Şahsuvarlının adının siyahıda olmasının gülünc olması məsələsinə gəldikdə isə Qan Turalı: “Çünki onun yazdığı roman deyil. Elnur Astanbəylinin dediyi kimi “mırt” romandı. Məsələn Şərif Ağayar kimi dərin fəlsəfi mahiyyətli, yüksək keyfiyyətləri olan bir əsərin yanında “Canlanma” romanı çox gülməli görsənir”. AYO-nun müsabiqəyə qatılmaması məsələsinə gəldikdə isə Tural bəy bunun koordinasiya problemləri ilə bağlı olduğunu bildirdi: “Seymur Baycana təklif etdik ki, bir yerdə oturub, məsələni müzakirə edək. Əslində AYO-nun ümumi şəkildə bu qərarı alınmayıb. Açığını desəm, mən Azərbaycan dövlətinin dəstəklədiyi mədəni projeyə qatılmağın əleyhinəyəm. Hakimiyyətin nə qədər avtoritar olduğu, ədəbiyyata nə qədər düşmən olduğu bəllidir. Hətta Rafiq Tağının bura qatılmasının xüsusi səbəbləri var. Açığı, münsiflər heyəti ilə də bağlı narazıçılığımız var. Əsas məsələ Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin bu projedə iştirakıdır. Nigar xanımın bu təşəbbüsü təqdirəlayiqdir. Kaş ki, bu müsabiqəni dövlət orqanları ilə deyil, müstəqil qurumlarla keçirəydi. Amma buna baxmayaraq gələn il də bu müsabiqə baş tutsa, qatılmaq fikrim yoxdur. Düzü obyektivliyə şübhə eləmirəm. Sadəcə Azərbaycan hakimiyyətindən mükafat almaq qədər təhqiramiz heç nə ola bilməz.” Əli Əkbər: “Münsiflər heyəti Nigar Köçərlinin dünyagörüşünə uyğun olaraq formalaşıb...Ciddi ədəbiyyat onsuz da bu cür müsabiqələrdən kənarda yaranır” Yazıçı Əli Əkbər “Sizcə 20-likdə olan yazıçılar buna layiqdilərmi?” - sualına gülərək, kinayəylə: “layiqdir” deyə cavab verir: “Əlbəttə layiq idilər. O münsiflər heyəti ilə yalnız o cür siyahı tərtib oluna bilərdi. Burda qanunauyğunluq var. Münsiflər heyəti Nigar Köçərlinin dünyagörüşünə uyğun olaraq formalaşıb. Bu barədə ümumiyyətlə, çox danışmağa dəyməz. Ciddi ədəbiyyat onsuz da bu cür müsabiqələrdən kənarda yaranır. Çox mənasız müsabiqədir. Dünyanın harasında görünüb ki, müsabiqəyə əsər təqdim edilsin. Bazar var, pis-yaxşı kitab çıxır, sən də götür dəyərləndir. Yazıçının hansısa bir müsabiqəyə əsər təqdim etməsi çox gülməlidir. Sən ümumiyyətlə kimsən ki, mən sənə kitab təqdim edim. Sonra da əxlaqsız-əxlaqsız yazılar yazmalıyam ki, mən birinci olmalıyam. Dava, qırğın nəyə lazım? Kimsə oradan 2-3 min qazanacaqsa, imkansızın, kasıbın dərdinə dərman olar. Adam təkcə buna ümid etməklə bir az da olsa təskinlik tapır.” Yunus Oğuz: “263 kitabı iki ay müddətində oxuyub qurtarmaq mümkün deyil” Tarixi romanlar müəllifi, Olaylar İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz da müsabiqənin obyektiv keçirilməsinə şübhə ilə yanaşır: “Əslində ekspertlərin kimliyi açıqlanmır. 263 kitabı iki ay müddətində oxuyub qurtarmaq mümkün deyil. Mənim bildiyim gözəl yazarlar var idi ki, onlar siyahıdan kənarda qalıb. Onların bu siyahıya düşməməsi ekspertlərin obyektiv olmamasından xəbər verir. Bir daha deyirəm bu qədər kitabı iki ay ərzində oxumaq qəti mümkün deyil. Mən belə başa düşdüm ki, bunlar əsərləri sifarişlə seçiblər. Fikirləşirdim ki, Nigar Köçərli daha obyektiv ola bilər. Amma sonradan gördüm ki, obyektivlik gözlənməyib. Obyektiv mükafat vermək üçün buna uzun vaxt lazımdır. Onları müzakirə etmək, struktura bölmək hamısı vaxt aparır. Məsələn: sosial cəmiyyətdən yazanları, sevgi-məhəbbətdən yazanları bir sıraya düzmək çox vaxt aparır. Təəssüflər olsun ki, mükafatları necə gəldi veriblər. Ona görə mənim üçün bu müsabiqə obyektiv deyil. AYO-nun bu müsabiqəyə qatılmamasına səbəb kimi obyektivliyin olmamasını hesab edirəm. Yəqin fikirləşiblər ki, obyektivlik olmayacaq, ona görə də qatılmayıblar. Hətta münsiflər heyətinin üzvlərindən birinə dedim ki, “siz necə münsiflər heyətisiz ki, yalandan əl qaldırıb, yalandan əl salacaqsız?” Dedim: “siz 10 kitabı oxuyacaqsız, amma 253 kitabdan xəbəriniz olmayacaq. Onların içərisində Azərbaycanın ən gözəl romanı ola bilər ki, siz onu buraxa bilərsiz”. Münsiflər heyətindən həmin adam dedi ki: “siz düz buyurursunuz. Bəlkə də ən gözəl roman mükafatsız qalacaq”. Kitabı oxumadan mükafatlandırma aparırlarsa , o münsiflər heyəti nəyə gərəkdir? Mən özüm münsiflər heyətində olsaydım bütün kitabları oxumayana qədər siyahını tərtib etməyə imkan verməzdim. Bu müsabiqəyə qatılmaq üçün mənə təklif etdilər, ancaq mən qatılmadım. Prosesləri gördüyümdən bura qatılmadım.” Taleh Şahsuvarlı: “Siyahıyla bağlı iradların əksəriyyəti qərəzlidir” Əsəri 20-liyə düşən, “Canlanma romanının müəllifi Taleh Şahsuvarlı müsabiqə haqqında söylənilən iradlara öz münasibətini bildirdi, amma bununla yanaşı , müsabiqədə baş verən mənfi hallara da əks mövqeyini bildirdi: “Sözün açığı, Milli Kitab Müsabiqəsinin “uzun siyahı”sı ilə bağlı səslənən iradların böyük əksəriyyətini qərəzli hesab edirəm. Çünki müsabiqəyə təqdim olunmuş 265 əsərin hamısını oxumaq bir yana, hətta adını bilmədən seçilən mətnlərin keyfiyyətini şübhə altına almaq tipik azərbaycanlı qərəzidir. Bir-iki nasiri çıxmaq şərti ilə o adların hər biri oxuculara yaxşı tanışdır və tanınmayanları da tanıtmaq gözəl təşəbbüsdür. Mənim qəbul eləmədiyim məqam Mövlud Süleymanlı, Seyran Səxavət kimi ustadların həmin müsabiqədə iştirakıdır. Aqil Abbas bu günlərdə yaxşı demişdi ki, Rafiq Tağı, Əjdər Ol kimi yaşlı və təcrübəli yazarlar da gərək gənclərə qapı açsınlar. Mən bu siyahıya Həmid Herisçini də əlavə edir və açıq deyirəm ki, onların müsabiqədə iştirakına sıcaq baxmıram. Onların özlərinin yox, yetirmələrinin belə yarışmalarda iştirak edən vaxtıdır. Mən yaradıcılıq baxımından yox, digər konyuktur şərtləri nəzərə alaraq müsabiqədə birinci yerə iddia eləmirəm, amma ikinci və üçüncü yerlərdən biri haqqımdır. Səhv etmirəmsə uzun siyahıda doqquz roman var və Mövlud Süleymanlı ilə Seyran Səxavətin əsərlərini çıxmaq şərti ilə qalanlarını ilk onluqda görürəm”. Elmin Bədəlov, Cavid Ramazanov
|