“Tüpürüm teatra, indi o məni qətiyyən maraqlandırmır...” Bizlərdən ən yaxşıları gec inkişaf edir. Məktəbdə mən axmağın birisiydim. Özümə çox qapalıydım - başqa uşaqlar məni maraqlandırmırdı. İndilərdə bunu disleksiya, yaxud diqqət pozğunluğu adlandırırlar. Amma mən sadəcə olaraq səfehiydim. Məhz buna görə də aktyor oldum. Rusiya məni hələ uşaqlıqdan cəlb edib. 14 yaşım olanda mən Trotskinin “Rus inqilabının tarixi” əsərini oxuyurdum. Əlbəttə ki, müəllimlərim məndən kommunist, yoxsa marksist olduğumu soruşanda onların nədən danışdıqlarını o qədər də yaxşı anlamırdım. O biri uşaqları isə belə şeylər ümumiyyətlə, maraqlandırmırdı: onlar məni sadəcə olaraq “xəstə” adlandırırdılar. Mənim gündəlik həyat fəlsəfəm? Sən həmişəlik anlamalısan: təkcə özünə nifrət etmək nəyə qadirdi. Gəncliyimdə nə etməmdən asılı olmayaraq hamı deyirdi: “Sənə xeyri yoxdu”. Atam deyirdi: “Sən yararsızsan, sənə xeyri yoxdu”, qohumlarım deyirdi: “Sən yararsızsan”. Sonra həyatımda baş verən dəyişikliklər mənimçün böyük kəşf oldu. Əvvəlcə mənim fizionomiyam səhnə üçün həqiqi mənada təhlükəydi. Mançestrdə bir rejissor məni səhnədən qovmuşdu, ona görə ki, kimə toxunurdum az qalırdı onurğası, qol-qıçı sına. O dedi ki, məni səhnəyə buraxmaq çox təhlükəlidi. Amma bəxtim gətirdi, o mənə məsləhət gördü ki, “Səviyyəli teatr məktəb”inə gedim. Halbuki onun özü bunu təqdir etmirdi. Mən “RADA”ya (Dram İncəsənəti üzrə Kral Akademiyası) getdim. Elə orda da mənim həqiqi karyeramın əsası qoyuldu. Aktyorların çoxu özlərini təbiətcə qəliz hesab edən olduqca sadəlövh insanlardı. Yadımdadır, “Qudurmuş öküz”də Robert De Niro haqqında eşidəndə düşündüm: “Mütləq bu filmə baxmaq lazımdı”. Mən filmi izləmək üçün Nyu-Yorkun sidik iyi verən balaca kinoteatrlarından birinə getdim, halbuki orda olanların bəziləri öz hayındaydı, bəziləri də mürgüləyirdi. Bu, belə demək mümkünsə, həqiqət anıydı: demək ki, biz buna görə bu qədər əziyyət çəkirik. Tüpürüm teatra, indi o məni qətiyyən maraqlandırmır. Həqiqi sözümdü, başa düşmürəm, niyə bəziləri bu məsələyə belə həssaslıqla yanaşır. Nuh əyyamından qalmış teatr bizim nəyimizə lazımdı? O kimə lazımdı? Teatrı asfalta gömün. Bu faciə-zad deyil, onsuz da o ölüdü. Lənətə gəlmiş “Lir” indi kimin vecinədi? Sən, səndən əvvəl 150 min aktyorun gördüyü işi təzədən görürsən. Bütün aktyorlar özlərinin başdanxarab vaxtlarında Hamleti oynamaq istəyirlər. Mən də istəyirdim. Amma indi düşünürəm - kim istəyir özünü öldürsün, heç vecimə də deyil. Ümumiyyətlə, indi məni nə Şekspir, nə də bütün bu Britaniya cəfəngiyyatı maraqlandırmır. Amma vaxt vardı ki, maraqlandırırdı, aydın bir məsələyə görə - mən sadəcə məşhur olmaq istəyirdim. Kimsə perspektivlidirsə, parlaq şəxsiyyətə və enerjiyə sahibdirsə, bu əlavə təşviş istəməyən adamları narahat eləməyə başlayır. Bünövrəsi xarab insanları düşünün - işi-gücü suyu bulandırmaq olanları, Oliver Stoun kimi işi - gücü insanları provakasiyaya çəkmək olanları, şayiə buraxıb, söz - söhbətlərə başçılıq edən insanları. Adi insan ətrafındakılarının etibarlı olmasını istəyər. Düşünürəm ki, bu normaldı. Amma əgər bütün insanlar belə olsaydı, dünya darıxdırıcı olardı. Mənim sevimli rolum yoxdu. Mən sadəcə olaraq öz işimi görürəm. Öz rollarımı öyrənirəm, nə danışacağımı bilirəm, əgər bir işə girişdimsə, bunu necə lazımdır elə də edirəm. Mən gəlirəm, öz işimi görürəm və sonra da evə gedirəm. Axırda da qonorar alıram - vəssalam, bütün hekayə bundan ibarətdi. Adamlar deyir ki, bu həyasızlıqdır, amma onlar haqsızdılar. Bu... təcrübədi. Səni satqınlıqda ittiham edənlər, əslində bunu paxıllıqdan edirlər. Bir müddət bundan əvvəl mənim yaxın dostum Londonda Milli Teatrın kastinq üzrə agenti ilə görüşmüşdü və o qadın təkəbbürlə soruşub: “Toni orda neyniyir, vəziyyəti necədi?” O cavab verib: “Hollivudda çox rahatdı”. Qadın isə cavabında: “Təəssüf ki, satıldı”. “Hə - dostum cavab verib. - Hələ çoxlu pul da, şan - şöhrət də qazanıb”. Qadın gömgöy göyərib. İnsanı ən çox əsəbiləşdirən şey ləyaqət və yüksək əxlaqdı. Demirəm ki, mən mələyəm. Qalanları kimi mən də xudbin insanam. Bizim hamımız xudbinik, şarlatanıq, əxlaqsız yalançılarıq. Hannibal Lekter olduqca maraqlı fiqurdu. Düşünürəm ki, bütün insanlar gizlində ona qibtə edir. O özündə bizim ruhumuzun ən dərinlərində olan arzunu, fantaziyanı, sözlə ifadə etmək mümkün olmayan şeyləri təcəssüm etdirir. Biz sağlam ola bilərik, yalnız sadaladığım şeylərin mövcudluğunu boynumuza alsaq. Yəqin ki, biz onun kimi dəlisov olmaq istəmirik. Bir dəfə yezuit keşişindən xahiş elədim ki, bildiyi ən yaxşı qısa dualardan birini oxusun. Onun cavabı məni güldürmüşdü. O demişdi: “boş ver, onları”. Tənhalıq mənim xoşuma gəlir. Mən heç vaxt heç kimi yaxınıma buraxmamışam, bütün tələlərdən yayınmışam. Əlbəttə, mən də çalışıram ki, istiqanlı və səmimi olum. Amma mənim daxilimdə həmişə boşluq olub. Heç bir mərhəmət, təkcə laqeydlik - bütün həyatım boyu... Vaxt vardı, mən maye olan nə varsa hamısını içirdim. İndilərdə isə heç kim içmir, çəkmir və karbohidrat qəbul eləmir. Qəribədir, mən bir vaxtlar alkaş olduğuma görə sevinirəm. Təbii ki, bir tərəfdən də kədərlənirəm ki, başqalarına əziyyət vermişəm. Amma bir vaxtlar alkoqolik olan insanın möhtəşəm həyat təcrübəsi olur. Elə günlər olurdu ki, bir butulka tekila içəndən sonra yaşamaq və ölmək heç vecimə də olmurdu. O vaxtlar mən mənəviyyatca tamamilə düşkünləşmiş, bitmiş adamıydım. Mən tekilaya pərəstiş edirdim. Mən heç vaxt narkotikadan istifadə eləməmişəm. Amma mənim o qədər tekilam vardı ki, dünya aləm vecimə deyildi. Yaxşı ssenarini ilk beş səhifədən anlamaq olur. Belə şeyləri 5 kilometrdən də anlamaq olur. Əgər mən 4 səhifədən artıq oxuya bilmirəmsə, hər şey aydındır: Bu mənim üçün deyil. Dekorasiyalardan ətraflı bəhs edilən ssenarilərdən ehtiyatlanıram. “Səhrada günəşin doğuşu, üfüqdə qalanır...” - dialoqa qədər böyük esse oxuyacaqsan. Cəfəngiyyat... Mənim atam bulkasatan olub, incəsənət onu maraqlandırmırdı. Bəzən mən piano çalanda o gəlirdi, una bulaşmış tüklü əllərini silkələyib deyirdi: “bu nə zəhrimardı çalırsan?” Mən deyirəm: “Bethoven”. Atam isə: “Onda onun kar olmasına təəccüb eləmək lazım deyil. Allah xatirinə, dur get başqa işlə məşğul ol”. İndi mənə onun sinikliyi müəyyən qədər aydındı. Spilberq mənim xoşuma gəlir. O elə filmlər çəkir ki, özü böyük zövqlə baxa bilsin. O dost - tanışlarının xoşu gəlsin deyə film çəkənlərdən deyil, bu cür filmlərə çox keçməmiş heç kim baxmaq istəmir. Çəkiliş meydançasında Spilberq böyük şövqlə, entuziazmla iş görür və ən əsası o cəlddir. O özünü gicliyə qoyub, vaxt itkisinə yol vermir. Mən həmişə uğur qazanmaq istəmişəm. Ketrin Hepbörn və Albert Finni ilə tanış olmaq istəyirdim. Xüsusilə də Piter O’Tulla. Mən O’Tula pərəstiş edirdim. Yadımdaır bir dəfə mən onunla bara girdim. O dedi: “götür bu “Ginnes”i. Əzizim işlər necədir? Yaxşı, davay içək, ondan sonra da gedib “Oskar”larımızı götürək. Belə dəlisovluq məni heyran edir. İçkilər, dünya aləmi vecinə almadan yaşamaq məni heyran edir. O vaxtlar mən beləydim. Bir neçə il əvvəl O’Tulu yenidən gördüm. O dedi: “Deyirlər ki, sənin başında nur haləsi var - biz günahkarlarda isə ondan yoxdu”. İçkini atanda bəzi dəyərli dostlarını da itirirsən. Həyat xareoqrafiyadı. Heç nə umma, heç nə gözləmə və hər şeyi sakitcə qəbul elə. Mən belə mühakimə yürüdürəm: “İnsanların mənim haqqımda nə düşündüyünün mənə dəxli yoxdu. Mən necəyəm elə də varam, iş orasındadır ki, nə edirəmsə əyləncə üçün edirəm - bu oyun belə qurulub. Həyatın öz ərazisində möcüzəli oyun. Burda heç nə qazanmaq, heç nə itirmək, nə də heç nəyi sübut eləmək lazım deyil. Çayın əksinə üzmək axmaqlıqdı - axı nəyə görə? Ona görə ki, əslində mən hər zaman heç kim olmuşam”. Bu fikir təxminən 10 il əvvəl Roma otellərindən birində, dərin depressiyada olduğum vaxt ağlıma gəldi . Mən fasiləsiz, ilahi and kimi bu sözləri öz-özümə təkrar edirdim. O vaxtdan bəri mənim həyatımda çox heyrətamiz hadisələr baş verdi. Ruscadan çevirdi: Cavid Ramazanov
|