Bu dəfəki müsahibimiz Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, Tibb Universitetinin professoru, ABŞ Psixoterapiya Akademiyasının üzvü, ümumi və məhkəmə Psixiatriyası üzrə Beynəlxalq ekspert Nadir İsmayılovdur. Onunla bir çox mövzularda söhbətləşib, “Azərbaycanın psixi durumu”nu dəyərləndirməyə çalışdıq. Oxuyun və düşünün: hazırki şərtlər daxilində Azərbaycanın psixi durumu necə olmalıdır, sizcə? - Bildiyimiz kimi, psixologiyanın müstəqil elm kimi doğum tarixi Vilhelm Vundtun məşhur laboratoriyasının yarandığı ilə - 1879-cu ilə təsadüf edir. Psixologiyanın bu 131 illik qısa tarixi ərzində 3 ən önəmli olay hansıdır? - Sən mənə psixologiyadan yox, psixiatriyadan sual ver. Bizim ixtisasımız psixiatriyadır, psixoterapiyadır. Psixologiya - universitet təhsilinə aiddir. Psixologiya böyük elmdir, necə biologiya kimi. Biologiya ağaclarla da məşğul olur, insanla da məşğul olur, göbələklə də, cücü ilə də, balıq, qurd ilə də. Ancaq onların ayrı-ayrı sahəsi var. Məsələn, zoologiya var, insanı öyrənən hissəsi var, biokimyası var, biofizikası var. Bax, psixologiya da elə bir böyük elmdir. Məsələn, var yeniyetmələr psixologiyası, hərbi psixologiya, əmək psixologiyası, kosmik psixologiya. Onların içərisində bir dənə də var tibbi psixologiya, klinik psixologiya. O, bizə aiddir. Sən ancaq ona aid mənə sual verə bilərsən. O biri psixologiya bizə aid deyil, onun mütəxəssisi biz deyilik. Biz psixiatrıq. Yəni, psixiatriya psixi pozuntuların və onlardan əmələ gələn xəstəliklərin öyrənilməsi ilə məşğul olan elm sahəsidir. Sən o sahəyə aid sual ver... - Özlərini düzgünlük tərəfdarı hesab edən, “bərabərlik, ədalət uğrunda yorulmadan mübarizə aparan” psixopatlara münasibətiniz necədir? - Psixopat psixopatdır da. Əgər onun diaqnozu psixopatiyadırsa, yəni şəxsiyyət pozuntusudursa, o adamda 3 xüsusiyyət öz əksini tapmalıdır. Birincisi, onun hərəkətlərində, davranışında, emosiyasında “eybəcərlik”, qeyri-normallıq olmalıdır. Bu əlamət həmin şəxsdə davamlı olmalıdır, ömrünün axırına qədər. Və hər hansı bir korreksiya, dərman müalicəsi, psixoterapiya çox cüzi effekt verir - bax, o adamlara biz deyirik “şəxsiyyət pozuntusu” olan adamlar. Ona görə də şəxsiyyət pozuntusu olan adamların müalicəsi, onların xasiyyətinin düzəlməsi qeyri-mümkün olacaq. Burda da əsas patologiya xasiyyətdir. - Belə məşhur insanlar tanıyırsınızmı ki, yüksək ictimai nüfuza sahib olsun, amma həm də psixopat olsun? - O qədər... Hər bir talantlı adamı dərindən yoxlayanda görəcəksən ki, onda psixopatik element var, qeyri-adi xüsusiyyət var. Bu bəlkə də onun talantı ilə yanaşı ona verilən xüsusiyyətdir. Belə götürsək, ədəbiyyata adı düşmüş, bizim deyə biləcəyimiz şəxsiyyətlərə Pikassonu, Salvador Dali kimi rəssamları misal göstərmək olar. Bundan başqa, məşhur dövlət xadimlərindən Adolf Hitler, İosif Stalin, Mussolini və s. - bunların hamısı bizim dildə “psixopatlar” olub. - Psixopatiya xəstəlik deyil əslində, elə deyil? - Xasiyyətin eybəcərliyi, xasiyyətin patologiyasıdır. Onu adətən xəstəlik hesab etmirik. Ancaq eyni zamanda, psixopatiya bəzən “xəstəlik”dən də ağır fəsadlar, daha doğrusu, ətraf adamlar üçün utanc verir. Adam fikirləşir ki, (ailəsində psixopat olan adam - R.S.) kaş o, xəstə olaydı. Kaş o, şizofrenik olaydı, ancaq psixopat olmayaydı. Ona görə də psixopat nə özü normal yaşayır, nə də ətrafındakıları normal yaşamağa qoyur. Xəstə xəstədir də, apar at onu xəstəxanaya, bunları heç xəstəxanaya da qoymaq olmur. Orda davam gətirmirlər. Mübarizə aparır, çox dəyanətli, dediklərinə nail olan adamlar olurlar. Hər cür şantaja gedirlər. Onlardan hər cür hərəkət gözləmək olar. Ona görə psixopatla yola getmək çox çətin məsələdir. - Amma belə götürəndə, məsələn, Hitler, Stalin kimi psixopatlar necə böyük tarixi dəyişikliklər ediblər... - Amma belə götürəndə, həyatda talantlı adamların əksəriyyəti, müharibə vaxtı döyüş meydanında qəhrəmanlıq nümayiş etdirən adamların əksəriyyəti, bəlkə də psixopatlardır. Bu üzü də var, o biri üzü də. Ona görə də cəmiyyət onları birmənalı qiymətləndirə bilmir. Duraq deyək ki, onları gəlin elə xəstə kimi aparaq ataq xəstəxanaya, yox, belə olmaz. Ən qeyri-adi şücaətlər, qəhrəmanlıqlar onlardan gəlir - dövlət çevrilişi, inqilabi hərəkatlar. Fağır, ağıllı, tədbirli, elmli adam heç görmüsən inqilaba qoşulsun? Yox. O başını aşağı salıb elmlə, öz işi ilə məşğuldur. Ancaq psixopat bir yerdə dayana bilmir, qaynayır. Cəmiyyətdə də belə adamlar lazımdır ki, inqilab törətsin, dəyişikliklər gətirsinlər. Görürsən, onlarla rəftar nə qədər çətindir, nə qədər mürəkkəbdir?! Ona görə də onları biz nə xəstə adlandıra bilirik, nə sağlam. Ümumiyyətlə, psixopatlar haqqında çoxlu əsərlər yazılıb. Bu əsərlərin ən kamilini, ən yaxşısını yazan rus alimi Qannuşkindir. O, çox yetkin bir əsər yaradıb. Əsəri belə adlanır: “Psixopatiyaların dinamikası, klinikası, profilaktikası”. Bundan başqa, alman alimi Kreçmer, daha sonra italyan alimi Lambrozo - bunların hamısının psixopatlara həsr olunmuş əsərləri var. Onları oxusan, bu barədə biliyini daha da genişləndirə bilərsən. - Məlumdur ki, keçmiş SSRİ-də bir çox siyasi müxalifətçiləri zərərsizləşdirmək üçün kobud şəkildə psixi xəstəlik diaqnozlarından istifadə olunurdu... - O, SSRİ vaxtı var idi, dissidentlər deyirdilər. Xoşagəlməyən, arzuolunmaz adamlara, dövlət əleyhinə çıxan adamlara psixiatrik diaqnoz qoyurdular. Psixiatrik diaqnoz qoyulan adam da məcburi müalicəyə göndərilir. Məcbur müalicənin də müddəti yoxdur, apar onu sal, deyək ki, xəstəxanaya - özü də əvvəllər, SSRİ vaxtı xəstəxanalar Daxili İşlər Nazirliyinin tabeçiliyində idi, yəni oranı milis işçiləri qoruyurdu, tikanlı məftilli hasarlar, türmə şəraiti - nə qədər istəyirsən, orda saxla. Onun müddəti yoxdur ki, bu, 1 ildən sonra yaxud 10 ildən sonra çıxmalıdır. Və dissident hesab olunan çox-çox adamları ora salırdılar, illərlə orda saxlayırdılar. Onlara toxunmaq da olmurdu: “Qanuni əsaslar üzrə xəstədir, məcburi müalicədə saxlanılmalıdır, azadlığa buraxmaq olmaz, cəmiyyət üçün təhlükəlidir!” Bu ad altında minlərlə insanı o cür incidiblər vaxtilə. Ona görə də 1975-ci ildə Qanaluluda (Amerikanın Havay adalarındakı ştatının mərkəzi Qanalulu şəhəri) konqres keçiriləndə bütün konqres iştirakçıları, minlərlə adam ayağını yerə döyməklə SSRİ nümayəndəsini ordan qovub. Və SSRİ-ni bir ölkə kimi, SSRİ Psixiatrlar İttifaqını ordan çıxarıblar. 10 il keçəndən sonra onlar güc-bəla ilə təzədən o quruma daxil ola biliblər. Bu olayların əsas səbəbi də o idi ki, sizdə açıq-aydın dissidentləri incitmə meylləri var. Xəstəlik adı ilə talantlı adamları, mübarizə aparan adamları, inqilabçıları, ədaləti sevən, demokratiyanı sevən adamları siz orda illərlə saxlayırsınız. Bax, bu barədə çoxlu söhbətlər oldu. Hətta bizim məşhur alimlərimizi onlar qəti olaraq rədd elədilər. Məsələn, Andrey Vladimiroviç Snejnevski var idi, onu qəbul eləmirdilər. Bundan başqa, Georgi Vasilyeviç Marozov. Çox məşhur akademiklər idi onlar, yaxşı alimlər idi. Amma onları xarici ölkələr indiyənəcən də qəbul eləmir. Və bir sıra bu cür adamlar var idi, onları rədd elədilər və indiyənəcən də qəbul etmirlər. İndinin özündə də Ümumi və Sosial Psixiatriya İnstitutunun (Serbski adına keçmiş Məhkəmə Psixiatriya İnstitutu) direktoru var - Dmitreva, heç onu da çox yerdə yaxşı qarşılamırlar, hansı ki, yaxşı alimdir, yaxşı rəhbərdir. Eyni zamanda, Tiqanov var - Psixi Sağlamlıq Mərkəzinin direktoru, akademik. Çox böyük alimdir. Ona da belə deyək, barmaqarası yanaşırlar. Bax, hamısı həmin o ab-havadan qalan xatirələrdir. Həmin vaxtlar formalaşmış münasibət ki var - o, indiyənəcən də demək olar ki, davam eləyir. - Ümumiyyətlə, bəs müasir dünyada yaxud Azərbaycanın özündə “siyasi mübarizə” metodu kimi belə bir tendensiya da formalaşa bilərmi? Əgər bu, belə olsa, o halda, bir psixiatr kimi öz peşəkar fəaliyyətini qoruyub saxlamaq nə qədər mümkün olacaq? - Bizdə... Bizdə dissidentlər, dissidentlərə qarşı mübarizə demək olar ki, yox səviyyəsində olub. Niyə? Ona görə ki, Azərbaycan ucqar bir respublika olub. Əsas SSRİ miqyasında baş verən ciddi hadisələr hamısı harda baş verib - Rusiyanın paytaxtında. Məsələn, Moskvada, Leninqradda və digər şəhərlərdə. Bizdən keçəndən sonra daha önəmli respublika Ukrayna olub, bundan əlavə, mübahisəli respublikalar olub - Pribaltika ölkələri. Mübarizə də əsasən, o respublikalarda gedib. O, Azərbaycana heç demək olar ki, gəlib çıxmayıb. Ancaq bizdə də bir nəfər olub - Nadir Ağayev adlı dissident. O da vaxtilə “xəstə” adı ilə saxlanılıb. Bir nəfər də olub, alban vətəndaşı. İki nəfər dissidentimiz olub. Onların ikisinin də diaqnozunu mən dəyişmişəm. Bəli, respublikanın baş psixiatrı olduğum 1984-1993-cü illərdə mən onların ikisinin də diaqnozunu dəyişmişəm, sonra da bu, çox böyük gərginliklərə səbəb olub. Hətta mən o alban vətəndaşının diaqnozunu dəyişəndə respublikada çox təəccüb elədilər ki, “bu nə təhər ola bilər, 25 ildir bu adam bu diaqnozla burda saxlanılır, indi birdən-birə siz yazırsınız ki, psixi sağlamdır?” Hə, ona görə Moskvadan nümayəndə çağırdılar. Moskva da təsdiq etdi mən deyəni. Sonra Ukraynadan çağırdılar, o da təsdiq elədi. Və nəhayət, əlacsız qalıb axırda həmin adamı sərbəst buraxdılar. - Bəs siyasi təzyiqlər? - Bilirsən, mənə heç kəs təsir eləməmişdi, məni nə xüsusi idarələr, nə Səhiyyə Nazirliyi tərəfindən deyilməmişdi ki, “sən diaqnoz qoyanda filan cür elə”. Belə söhbət olmayıb. Doğrudan da 10 il işlədiyim müddətdə heç vaxt yuxarı təşkilatlardan mənə göstəriş verilməyib ki, “diaqnozu dəyiş”, “bunun diaqnozunu ağırlaşdır”, belə söhbət olmayıb. Ona görə mən sərbəst hərəkət etmişəm. Konkret xəstəyə baxanda görmüşəm ki, bunda psixi pozuntu yoxdur, yazmışam ki, “hal-hazırda bu adam sağlamdır”. Ancaq məndən qabaq olanlar elə avtomatik, götürüb diaqnozu təkrar edirmişlər. Xəstədir, qurtardı. Bunu dəyişmək də çox çətin məsələdi. Əgər həkim diaqnoz yazırsa, onu komissiya dəyişə bilməz. Deməli, bizdə bu cür yaddaqalan, önəmli olan iki dissidentimiz olub. Bundan artıq bizdə elə bir dissident olmayıb. Bir daha təkrar edirəm, o da ona görə ki, baxmayaraq, müxtəlif nazirlərlə işləmişik, Fəxri Vəkilovadan tutmuş, Əli İnsanovdan tutmuş, ta indi Şirəliyevə qədər, ondan qabaq Ragim Mamedoviç olub, Tələt Qasımov - onların heç biri göstəriş verməyib ki, diaqnozu kobudlaşdır və yaxud xəstə olmayana diaqnoz qoy, belə söhbət olmayıb. Hansı ki, olsaydı, bəlkə də baş psixiatr kimi mən nazirin dediyindən çıxa bilməzdim... Ancaq belə söhbətlər olmayıb. Bununla da fəxr edirik ki, bizim Səhiyyəyə rəhbərlik edən adamlar heç vaxt bizim işimizə demək olar ki, qarışmayıblar. İndi də qarışmırlar. Sərbəst hərəkət edirik: xəstədir, yaz xəstədir, sağlamdır, yaz sağlamdır. Bizdə ənənə bu cür olub, həmişə. Baxmayaraq ki, cürbəcür nazirlər olub. Kim olmasından asılı olmayaraq. Çox təəccüblüdür, heç kəs inanmır ki, “sizə göstəriş vermirdilər?” Deyirdim, “Yox, heç kəs.” Heç xüsusi orqanlar tərəfindən də heç vaxt elə göstəriş olmayıb. Bu MTN-dir, DİN-dir, Baş Prokurorluqdur, onlar da heç olmasa, sual verə bilərdilər və yaxud deyə bilərdilər ki, “bir az ehtiyatlı olun”, və yaxud da “o adamın diaqnozunu dəyişmək lazımdır”. Belə suallar olmayıb, qətiyyən. Ona görə də biz sərbəst hərəkət etmişik. Baxmışıq, xəstədir, xəstə yazmışıq, sağlamdırsa, sağlam. Bu faktdır, bunu bütün mütəxəssislər bilir. - Növbəti sualım intiharla bağlıdır, yəni intihar psixologiyası ilə... - İntihara görə biz həmişə ən aşağı yerlərdə olmuşuq, yəni intihar ən az olan ölkə olmuşuq. Ancaq təəssüf ki, son 2 ildə birdən-birə intiharın sayı son dərəcədə artıb. - Nə ilə bağlıdır bu? - Onun hələ əsl səbəblərini araşdırmaq lazımdır, bizə məlum deyil. Ümumi sözlər demək olar: sosial gərginlik, bəzi hallarda qanunsuzluq, demokratiyanın güclənməsi, xarici filmlərin, xarici televiziya verilişlərinin təsiri. Bu cür fikir yürütmək olar, ancaq onun əsl məğzini araşdırmaq lazımdır, biz bilmirik. Ancaq onu bilirik ki, 10-15 dəfə artıb. Son statistikaya görə, Azərbaycanda son 1 ildə 900-dən artıq adam intihar edib. Hansı ki, o rəqəm bizdə vaxtilə 45-50-dən o yana keçmirdi. 45-50 hara, 900 hara?! Görürsən, nə qədər artıb. Bu da faktdır, ancaq onun səbəblərini, əlbəttə, dərindən araşdırmaq lazımdır. - Sualım bir az başqa istiqamətdə idi. Yəni, intihar ehtimalının qiymətləndirilməsi baxımından dindarlara nəzərən ateistlər daha yüksək risk kateqoriyasına daxildir. Bəs dini inanc qorxusundan intihar etməkdən vaz keçən insanların “psixi xəstə olma ehtimalı” ateistlərlə müqayisədə nə qədərdir, sizcə? - İslam dini intiharı pisləyir, onu lənətləyir, bu da bizə çox kömək edir. Ola bilsin, dinsiz adamların, dinə inanmayan adamların sayı çoxalıb, ona görə də Quranın yazısına əhəmiyyət vermirlər. - Amma məsələn, Freyd dini kollektiv nevroz adlandırırdı, yəni o cür demək istəyirəm ki, bəlkə dinin nevroz yaratmaq xüsusiyyəti də var? - Mən onu deyə bilərəm ki, bax, son vaxtlar bir də görürsən ki, institut tələbəsi ya orta məktəbdə oxuyan bir qız birdən-birə başını bağlayır, namaz qılmağa başlayır. İnanın ki, onların 90 faizi son nəticədə “xəstə” olur. Elə bil ki, “o”, xəstəliyə aparan yoldur. İkinci tərəfdən, başını bağlamaq, hicab geymək - o da qadağan deyil, o da sərbəstlikdir. O adam dinə inanırsa, namaz qılırsa, biz ona deyə bilmərik ki, o mütləq xəstələnməlidir. Ancaq təcrübə onu göstərir. Şəxsən mən həkim kimi görürəm ki, cavan qız başladı başını bağlamağa, namaz qılmağa - 90 faizinin axırı gəlir çıxır ruhi xəstəliyə. Bir hissəsi də onu “fason”, moda xatirinə, diqqəti cəlb eləmək üçün edir, onlar xəstələnmir. Azərbaycan Respublikası dünyəvi ölkədir, biz dinin də yerini bilirik, allaha da inanırıq, eyni zamanda, müasirliyi də sevirik, Avropa mədəniyyətini də sevirik. Amma birdən-birə ali məktəb tələbəsi başını bağlamağa, hicab geyməyə, nə bilim, cürbəcür hərəkətlər etməyə başlayırsa, onların nəticəsini mən yaxşı görmürəm. - Belə çıxır ki, Freyd elə düz deyib, hə? - Bu da, bu da faktdır. - Freyddən söhbət düşmüşkən... Eynşteynin “bəşəriyyətin müəllimi” adlandırdığı dahi Freydin fəlsəfəsi və freydizm haqda saatlarla, günlərlə danışmaq olar. Necə düşünürsünüz, Freydi praktik həkim kimi öyrənmək daha maraqlıdır, yoxsa filosof- psixoloq kimi? - Freyd bilirsiniz, psixologiyada, fəlsəfədə, tibbdə elə inqilab yaradıb ki, onu hələ alimlər uzun illər araşdıracaq. Hər halda, o çox ürəkli adam olub, çox cəsarətli adam olub. Heç kəsin deyə bilmədiyi, demək istəmədiyi, ancaq ürəyində fikirləşdiyi faktları ortalığa çıxarıb, onları elmi sübutlarla yaymağa başlayıb. Freyd o barədə mən deyərdim ki, təbabətdə, psixologiyada, fəlsəfədə inqilabçı bir adamdır. Ancaq onun əksinə gedənlər də olub, neofreydistlər də olub, indiyə qədər də Freyd mübahisə mənbəyidir. Heç kəs onu 100 faiz nə rədd eləmir, nə qəbul eləmir. Hər halda, onun dediyində çoxlu-çoxlu, böyük həqiqətlər var, ona görə də mənim nəzərimdə Freyd dahi alimdir, onun nəzəriyyəsi dərindən öyrənilməlidir. Bir çox hallarda onun dedikləri həyatda özünü doğruldur. - Sualım elə idi ki, onu praktik həkim kimi öyrənmək daha maraqlıdır, yoxsa filosof- psixoloq kimi? - Mən onun daha çox psixoterapevt kimi, həkim kimi nəzəriyyəsindən, üsullarından istifadə edirəm. Ancaq yeri gələndə, tələbələrə mühazirə oxuyanda onu fəlsəfi görüşlərini, psixoloji-nəzəri mülahizələrini də çatdırıram. - Psixologiya və parapsixologiya, fizika və metafizika... Bunlar nə deyir? Parapsixologiya ilə metafizika arasında nələrsə axtarmağa (hansısa elmi axtarışlar aparmağa) dəyərmi, görəsən? - Parapsixologiya elmin sübut etmədiyi, ancaq bir çox hallarda müşahidə olunan fenomenlərdir. Ona görə də onlar elə “para-psixologiya” (psixologiya-ətrafı - red.) adlanır. Parapsixologiyaya aiddir telepatiya, telekinez, biri deyir “mən ürəkləri oxuyuram”, biri deyir ki, “mən gələcəyi görürəm”, biri deyir ki, “mən əlimlə müalicə edirəm”, biri də deyir “məndə çox yüksək hissiyyat var”. Bilirsiniz, onların hamısı elm tərəfindən sübut olunmursa, biz onu qəbul eləmirik. Ancaq eyni zamanda, o deyilənlərdə bəzən həqiqət də olur, bəzən sübut olunan faktlar da olur, buna baxmayaraq, elmi səviyyəyə çatmır. Elm o vaxt onu qəbul edir ki, 100 təsadüfdən heç olmasa, 95-də o təkrar olunsun, təsdiq olunsun. Mən indiyənəcən elə bir adam görməmişəm ki, o, mənim ürəyimdə tutduğum bir dənə sözü və yaxud da bir meyvə adını, bir şəhər adını, bir hərfi tapsın. Və yaxud da o, demirəm gələcəyi, lap sabah nə olacaq, kimin başına nə gələcək, onu desin, həqiqət olsun. İndi elm Nostradamusdur, Vanqadır, onları təhlil edir, onların hamısını fırıldaqçı adlandırır. Mən bunu çoxdan bilirdim. Mən nə Nostradamusa, nə Vanqaya, nə də başqalarına inanmamışam. - Bəs sizcə, Messinq telepatdır? - Messinq telepat deyil. Messinq ideomotor hərəkətləri duyan, yüksək hissiyyatlı bir adamdır. Elə adamlar indi də var. Məsələn, Tofiq Dadaşovda da o hissiyyat var. Ancaq nə Messinq, nə Tofiq Dadaşov mənim ürəyimdə tutduğum bir kəlmə sözü belə, dəqiq tapa bilməz. Bu, qeyri-mümkündür. Amma mənim əlimdən tutub, hardasa nəsə gizlətdiyimi ideomotor hiss etməklə, onu gedib tapa bilər. Bunlar isə onu elə təqdim edir ki, guya onlar ürəkləri oxuyur. Əslində, “ürək oxumaq” deyil. Ürək oxuyanlar gəlsinlər mənim yanıma, mənim yanımda sübut etsinlər. Hələ elə sübutu biz 20 ildir axtarırıq. Daha doğrusu, 21 ildir o komissiya yaradılıb, nə qədər, bəlkə də bir 30 nəfər bizim süzgəcdən keçib, heç kəs heç nəyi sübut edə bilməyib. - Onda belə çıxır ki, parapsixologiya ilə metafizika arasında nəsə axtarmağa lüzum yoxdur? - Parapsixoloji fenomenləri 100 faiz rədd eləmək də düzgün deyil, qəbul eləmək də düzgün deyil. Ancaq birmənalı olaraq elmi sübutu olmayan fenomenlərdir. Buna baxmayaraq, o fenomenlərin çoxu təsadüfdür və yaxud da bəzi insanların yüksək hissiyyatının məhsuludur. Konkret olaraq, gələcəyi görmək, insanın ürəyində tutduğu fikri olduğu kimi dəqiq demək qeyri-mümkün olan bir şeydir. Yoxdur elə bir şey. Telepatiya yoxdur, telekinez yoxdur. Varsa, o adam gəlsin, bizə sübut etsin, biz özümüz qışqıra-qışqıra elan edək ki, bu adamda o fenomen var. - Feminizasiya və maskulinizasiya... Sizin fikrinizcə, bunlardan hansı daha təhlükəli və ya arzuolunmazdır? - Bu saat homoseksuallar artır, bundan başqa qadınların kişi rolunda, kişilərin qadın rolunda çıxış eləməsi artır. Bunlar da xoşagəlməz hallardır, ancaq neyləmək olar?! Demokratiya, cəmiyyətin inkişafı, yəqin ki, buna şərait yaradır, insanlar sərbəstliyi sevir. Hətta “intihar sərbəstliyi” deyilən bir anlayış var. İnsanlara qadağan eləmək olmaz ki, sən özünü öldürmə. O da onun hüququdur, “istəmirəm yaşamaq”. Düzdür, biz cəmiyyət olaraq, dövlət olaraq inkişaf edirik, ancaq belə görünür ki, Məhəmməd peyğəmbərin və digər müqəddəslərin dediklərində çox böyük həqiqət var. - Psixoterapiyanın bir fəlsəfəsi varmı? - Əlbəttə. Mənim öz fəlsəfəm var və xəstələri müalicə etməkdə bu mənimçün çox önəmli rol oynayır. Düzdür, dərman müalicəsi, digər vasitələr də olduqca əhəmiyyətlidir, ancaq ən vacibi mənim öz fəlsəfəmdir. Fəlsəfə, yəni mənim ümumi düşüncələrim, nəzəri yanaşmalarım. Bunlar çox kömək edir mənə pasiyentləri müalicə etməkdə. - Bəs sizin şəxsi fəlsəfəniz xəstəni müalicə etməyə maneçilik törədə bilərmi? - Yox, fəlsəfə sadəcə mənim ümumi düşüncələrim, münasibətimdir. Məsələn, mənim fəlsəfəm budur ki, bir çox yerlərdə də qeyd etmişəm bunu, xəstəliklərə qarşı bədənin özü mübarizə aparır, özü-özünü sağaldır, təbabətin rolu isə buna yardımçı olmaqdan, vasitələr yaratmaqdan ibarətdir. - Söhbətimizi bir sitatla yekunlaşdırmaq istəyirəm. Adını çəkmək istəmədiyim məşhur müəllifin “Psixologiya” adlı kitabında bir cümlə var, bəlkə də ömürlük həkk olunub mənim beynimə. “Dünyada boşanma, ailədə qeyri-sabitlik, xəyanət baş alıb gedir, biz isə “ər evi - gor evi” deyirik və bu ülvi anlamda da ailəmizin saflığını, möhkəmliyini qoruyub saxlaya bilirik”. Psixoloqu belə olan bir toplumun psixi durumu necə olmalıdır, sizcə? - Ailə qurmaq, sevdiyin insanla bütünlüklə bir yerdə olmaq çox yaxşıdır, bundan gözəl nə ola bilər?! Amma bəzən həyatda elə şərtlərlə rastlaşırsan ki, ailənin bütövlüyü sual altında qalır, dağılmaq məcburiyyəti yaranır. Bundan əlavə, bir çox “sanballı” kişilər belə düşünür ki, kişinin ailədən kənarda “sevgili”si olmalıdır. Bu bir az da var-dövlətin, sərvətin yaratdığı bir hərislikdən gəlir bəlkə. Məsələn, o qədər kişilər var ki, gözəl ailəsi, uşaqları var, imkanı çoxdur, kənarda da məşuqə saxlayır. Acından ölən, gündəlik çörəkpulunə işləyən kişi heç o barədə düşünə bilərmi? Əlbəttə ki, yox. Söhbətləşdi: Rəşad Səfərov
|