Prezident İlham Əliyev çıxışlarının birində demişdir: "Biz hüquqi dövlət quruculuğuna 2008-ci ildən başlayacağıq". Konstitusiyamızda isə deyilir ki, Azərbaycan dövləti hüquqi Respublikadır. Prezidentin çıxışı ilə Konstitusiyada göstərilmiş müddəa arasındakı bu ziddiyyətdən belə çıxır ki, Konstitusiya bizə yalan danışır. Çünki hamımızın da bildiyi kimi, İlham Əliyev doğru buyurub. Biz hələ hüquqi dövlət deyilik, hüquqi dövlət qurmağa bir ildən sonra başlayacağıq. Konstitusiyamızdan söz düşmüşkən, oradakı bir maddənin də mənim üçün gülüş doğurduğunu nəzərinizə çatdırmalıyam. Deməli, AR-nın Konstitusiyasının 118-ci maddəsinin III bəndində deyilir: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa, və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər." Mənə elə gəlir ki, burada gülüş doğuran məsələnin şərhə ehtiyacı yoxdur. Əgər prezident baş naziri sonda Milli Məclisin razılığı olmadan özü təyin edəcəksə, onda niyə qanunverici orqana müraciət edir? Əgər bizim Ana Qanunumuzda belə bir gülməli maddə varsa, onda təsəvvür edin, digər qanunlarımızda nə qədər boşluqlar var. Bu boşluqları doldurmadan hara gedirik? Yuxarıda qeyd etdiyim maddə həm də onu göstərir ki, AR-nın Konstitusiyası prezidentə müstəsna hüquqlar verir, demokratik ölkədə isə bir nəfərə belə müstəsna hüquqların verilməsi düzgün deyil. Bağışlayın ki, başınızı bu qədər ciddi məsələlərlə ağrıtdım. Amma üzünüzdə bir az gülüş yaratmaq üçün naxçıvanlı bir arkadaşdan aldığım son xəbərləri sizinlə bölüşmək istərdim. Naxçıvan şəhərində binaların qabağında qurutmaq üçün geyim asmağın yasaq olunduğunu yəqin qəzetlərdən oxumuşdunuz. Deməli, bu yaxınlarda bir "JEK" müdiri binadakı mənzillərdən birində paltar asıldığını görmüş, lakin həmin mənzilin sahibi evdə olmadığı üçün müdir özü şəxsən birinci mərtəbədən üçüncü mərtəbənin eyvanına qalxıb paltarları yığmışdır. Kəndlərin birində isə belə bir qərar verilib: küçələrdə iki nəfərin yanbayan görünməsi qəti qadağandır. Gənclərin (35 yaşdan aşağı) küçəyə çıxmasına, çayxanaya getməsinə icazə verilmir. Məlum olduğu kimi, Naxçıvanda ən böyük problem elektrik enerjisi ilə bağlıdır. Bu problemi həll etmək üçün hər bir evdə sayğaclar yenidən işə salınıb. Heç bir yerdən qazancı olmayan kəndli, əlavə pul ödəməmək üçün enerjiyə qənaət edir və ayın axırında sayğac göstəricisində borcun 2 manat olduğunu görür. Lakin pulu yığmağa gələn müfəttiş bu göstəricinin onu qane etmədiyini deyir və 2 manat əvəzinə 20 manat tələb edir. Naxçıvanlı arkadaş and içir ki, olmuş əhvalatdır. Dostum bir də dedi ki, guya şəhərdə uzun saç-saqqal saxlamaq da qadağan olunub. Mən dostumun sonuncu sözünə inanmasam da, bir daha əmin oldum ki, biz hüquqi dövlət deyilik, amma tezliklə hüquqi dövlət qurmağa çalışacağıq.