«Sizlərə verdiyimiz müvəqqəti narahatlığa görə üzr istəyirik»
Kimlərsə bizi millətçi olmamaqda, milləti sevməməkdə suçlaya bilər. Əslində bu belə deyil, biz hamımız millətçiyik. O mənada ki, biz bu milləti sevməsəydik, onun üçün mübarizəyə qalxmazdıq. Biz bu millətin, bu xalqın xoşbəxtliyini istəyirik, dostlar, ancaq xoşbəstliyini. Durun, hələ gülməyin... Hər şey əslində çox sadədir. Bizim istəklərimizdən söhbət gedir.
Biz istəyirik ki, ölkə korrupsiya xəstəliyindən qurtulsun. İnsanlarımız öz normal həyatlarını qurmaq, təhsil almaq, işləmək istərkən heç bir rüşvət problemi ilə qarşılaşmasınlar.
Biz insalarımızın üzündə hər zaman «smile» işarəsini görmək istəyirik. Küçədə, avtobusda, metroda, evdə, işdə adamların sifətindən yağan kədərin, ümidsizliyin yox olmasını istəyirik.
Biz demokratik dəyərlərin, ideyaların insanlarımız arasında yayılması uğrunda mübarizə aparırıq. İnsanlara bir-bir başa salmaq istəyirik ki, bir millətin, dövlətin demokratiyadan savayı qurtuluşu yoxdur. Yoxdur da, qardaşım! Birdəfəlik beyinlərə həkk etməliyik ki, demokratiya şeytan əməli deyil, tam əksidir!
Biz çox şey istəmirik. Bizi başa düşmək istəməyən bu gözəl gəncin hüquqlarının ayaqlar altına atılmasını istəmirik. Dostum, biz istəyirik ki, sən öz hüquqlarını gözəl biləsən, lazım olduqda onları tələb edəsən, haqsızlıqlara etiraz edə biləsən.
Biz insanlarımızı yaltaqlanan görmək istəmirik. Biz istəyirik ki, onlar tərifləməkdə yox, tənqid etməkdə məharətli olsunlar.
Biz sizi səbirsiz olmağa, qan tökməyə, intiqam hissiylə alışıb yanmağa, nifrətlə yaşamağa çağırmırıq. Biz insanlarımızı məntiqli görmək istəyirik, onları sevgiylə yaşamağa çağırırıq. Biz istəyirik ki, insanlar hər yerdə bir-birlərinə sevgiylə yanaşsınlar, bir-birlərinin azadlıqlarını qəbul etsinlər.
Biz çox şey istəmirik. Sadəcə azacıq inkişaf istəyirik. İstəyirik ki, beyinlərimiz inkişaf etsin, bəlkə yenidən bir neçə Mirzə Fətəli, Cəlil, Rəsulzadə, Elçibəy çıxdı aramızdan. Nə bilmək olar... Bəlkə biz də bu dünyaya dahilər bəxş edə bildik. Axı niyə də etməyək?
Biz istəyirik ki, Azərbaycan gənci yalnız «topçu» və ya «popçu» olmaq haqqında düşünməsin, onu kitab da maraqlandırsın. Bəli, biz öz insanımızı savadlı, müasir düşüncəli görmək istəyirik. Onun müsiqi zövqündən tutmuş yaşam tərzinədək müasirləşməsini istəyirik. Vaxtilə Lenin demişdir ki, «Oxumaq, oxumaq, oxumaq». Bunu da Lenin demişdir ki, «İnqilab ilk növbədə beyinlərdə olmalıdır».
Bəli, biz insanların beynində inqilab etmək istəyirik.
Biz yatmış cəmiyyəti silkələmək üçün, onu tənqid də edirik, hələ lazım olanda təhqir də edirik. Amma bunlar hamısı cəmiyyətin, onun üzvü olan sənin üçündür, dostum.
Biz cəmiyyətimizdə sağlam dəyərlər qurmaq istəyirik, düşünürük ki, indiki dəyərlərimiz bizim inkişafımız yolunda çox böyük bir əngəldir. Düşünürük ki, bizim korrupsiya problemimizin çox hissəsi qocalar üzərində cəmlənib. Sovet təfəkkürlü həmin adamlar bizə evdə, işdə, dərsdə, hər yerdə, tamamilə hər yerdə əngəldirlər. Həmin qocalar və qoca təfəkkürlü adamlara bizim inkişıfımız sərf etmir, çünki gənclərin, sözün əsl mənasında inkişaf etməsi, onların inkarına yönəlib.
Bizə görə, yalnız fərd dəyərlərin təməli hesab olunmalıdır, fərdi heç bir cəmiyyətə, icmaya, kollektivə qurban vermək olmaz. Anarxizmdə deyildiyi kimi, fərd ağlı, məntiqi, duyğu və istəkləri ilə tək gerçəkdir. Biz istəyirik ki, yaşadığımız ölkədə, cəmiyyətdə fərd zorakılığa məruz qalmasın, heç bir dini, əxlaqi qayda-qanun fərdin azadlığını məhdudlaşdırmasın.
Görürsünüz da, bir o qədər də çox şey istəmirik, ancaq ilk növbədə istəyirik biləsiniz ki, bütün istəklərimiz sizin xeyrinizə yönəlib.