Keçən yazıda qocalardan, qoca müəllimlərdən, onların bizləri bezdirməsindən yazdım. İndi də həmin insanların zəhərlədiyi tələbələrdən bəhs edirəm. Zəhərləmək deyəndə nə qədər haqqlı olduğumu heç özüm də bilmirəm. Bəlkə də heç dəxli yoxdur. Bir qoca müəllim gənc, enerjili, etiraz ruhlu tələbəni necə zəhərləyə bilər, onu necə yolundan çıxara bilər? Amma fakt budur ki... Azərbaycanda tələbələrin demək olar ki, 90 faizi kitaba nifrət edir. (Bizim əsl problemimiz ondadır ki, bu yazını oxuyanlar elə o yerdə qalan 10 faizdir) Turistlərə bələdçilik edirik kimi davam edək. Azərbaycanlı tələbə ali məktəbə hansısa bir ixtisası öyrənmək, kitab oxuyub adam olmaq üçün getmir. O, dərsə özünün digər tələblərini ödəmək, məsələn, əylənmək, vaxtını dostlarla şən keçirmək, qızlarla söhbət etmək, mesajlaşmaq üçün gedir. Tələbəyə dərsin 80 dəqiqəsi yox 10 dəqiqəlik fasiləsi daha önəmlidir. 80 dəqiqəlik dərs müddəti onun üçün cəhənnəm əzabıdır. Azərbaycanlı tələbə, bazarbaycanlı tələbə olduğu üçün nəinki onun əlində, çiynində çanta görərsiniz, hətta o sizin əlinizdəki çantanı da alıb param-parça etmək istəyir. Siz onun əlində bir dəftərdən başqa heç nə görməzsiniz, o dəftəri ki, onu bədəninin müxtəlif yerlərinə soxur. Kostyumlu bir tələbəyə yaxınlaşaq və soruşaq ki, niyə bu kitab dəftəri bir çantaya qoymur, onu pis-pis əlində tutur?! Cavab verir ki, mən çanta götürsəm, məhləmizdə gülərlər. Azərbaycanlı tələbə üçün rüşvət almaq istəməyən müəllim ən cındır birisidir. Azərbaycan təhsil sisteminin rüşvətxorluğa qurşanmasının günahı 30 faiz müəllimlərdədisə, 70 faiz tələbələrdədir. Azərbaycanlı tələbə (həm də azərbaycanlı gənc) milli dəyərlərimizin, milli mentalitetimizin, adət və ənənələrimizin keşiyinin çəkilməsində ata-babalarımızla əl-ələ verib bərk dayanıb. Onun üçün insan yoxdur, mentalitet var. O, mentalitetə görə istənilən şəxsi bıçaqlamağa hazırdır. Bəlkə də həyatının mənasını bunda görür. Heç bir mahiyyəti olmayan 30 mərtəbəli universitet binasının həyətində dayanan, saçını yana darayan, ayaqqabısının ucu gözümüzə girən, bir tələbəyə yaxınlaşıb soruşsaq ki, niyə yaşayırsan? Cavab verəcək ki, milli mədəniyyətimizi təbliğ etmək, dəyərlərimizi qorumaq, onu gələcək nəsillərə ötürmək üçün. Azərbaycanlı tələbə üçün ölkədə baş verən ictimai-siyasi hadisələrin, proseslərin heç bir mənası yoxdur. Halbuki, inqilabı tələbələr etməlidir. Azərbaycanlı tələbə üçün qəzetlərin yalnız və yalnız sonuncu səhifəsi maraqlıdırsa, onlar yalnız futbol qəzetləri oxuyurlarsa... Deməli, Azərbaycanda tələbələri devirmək lazımdır. Onların inqilabını etmək lazımdır, onlarla inqilab yox. Azərbaycanlı tələbə irrasionaldır. O, şübhə etməkdən çəkinir, düşünmədən rektora, dekana, müəllimə, ataya-anaya, Allaha baş əyir. Azərbaycanlı tələbə üçün söz azadlığı boş və mənasız bir şeydir. İnandırım sizi, o, bu dəqiqə diktatura rejiminin qurulmasının tərəfdarıdır. O, özü də diktator kimi yetişir, məsələn, qrup nümayəndəsi seçilmiş birisi 4-5 il bu vəzifədən əl çəkmək istəmir. Yeri gəlmişkən, Azərbaycanın əksər ali məktəblərində qrup nümayəndəsi seçilmək üçün rüşvət verirlər. Sonra həmin rüşvət vermiş tələbə bu pulun 10 qatını çıxarır. Qəzetin zəbt etdiyim bu küncündən istifadə edib, onu da deyim ki, Rafiq Tağı və Samir Sədaqətoğlunun həbsinə etiraz olaraq, yenidən başladılmış İslamdan imtina kompaniyasına mən də qoşuluram. İnsanın fikir azadlığını tanımayan, onu hər an öldürməyə hazır olan dinə mənsub olmaq istəmirəm. Əgər din bu deyilsə, bəs o nədir? Əsrlərdir "əsl İslam bu deyil, İslam humanist dindir, İslam insan hüquqlarını tanıyır" deyə-deyə bizi aldatmısınız. Şəxsən mənə təcrübəsi mənasız olan heç bir nəzəriyyə lazım deyil. Tələbələr və gənclər mövzusuna isə yenidən qayıdacağam. Çünki biz mütləq gənclərin inkişafına nail olmalıyıq, qocalar onsuz da ölüb gedəcəklər. Elə etməliyik ki, indiki qoca nəslin yerini gələcəkdə dolduran olmasın.
|