Bildiyimiz kimi, Azərbaycanda mədəniyyət və incəsənət adamlarına verilən ən yüksək fəxri ad “Xalq artisti” adıdır. Heç təsadüfi deyil ki, kimi isə təqdim edərkən onun adının qarşısında sadalanan bir sıra titul və ləqəblərdən fərqli olaraq, “Xalq artisti” adı ən sonda və xüsusi vurğu ilə deyilir. Azərbaycan Respublikasının XAAALQ ARTİSSSTİ filankəs filankəsov!!!... Amma ortada çox dəhşətli ürək ağrısına səbəb ola biləcək bir təzad var. Bu xoş(bəd)bəxt (təyin edə bilmədim) fəxri ad, kimlərinsə adının qarşısına çox yaraşdığı halda, kimlərinsə adının qarşısında çox yersiz, bayağı və ucuz görünür. O boyda fəxri ad bircə anın içində tamaşaçının gözündən düşür, özü də düz üzü üstə... “Xalq artisti” kəlməsini 2-ci növ təyini söz birləşməsi çərçivəsindən çıxarsaq, “xalqın artisti” kəlməsini alarıq. -Kimin? -Xalqın! -Nəyi? -Artisti! -Xalq kimdir? -Biz! O “biz”in içində biz də olduğumuza görə yəqin haqqımız çatar bu barədə 1- 2 söz deməyə... Gəlin, lap əvvəldən başlayaq. Görək, bu ad əslində kimə və niyə verilməlidir? Amma kimə və niyə verilir? “Xalq artisti” adı Azərbaycan teatr, kino və musiqisinin, bir sözlə, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında, onun təkcə ölkə daxilində deyil, həm də ölkə hüdudlarından kənarda tanınmasında böyük rol oynayan, Azərbaycan və onun gələcək nəsilləri üçün misilsiz yaradıcılıq əsərləri qoyub gedən insanlara verilir. Lakin təəssüf ki, bu gün ölkədə mədəniyyətimiz və incəsənətimizə ümumiyyətlə, dəxli olmayan, sənətinə görə yox, apardığı dava- qırğın və qalmaqalların, səviyyəsiz söz- söhbətlərin sayı baxımından adı daim yüksəklərdə çəkilən insanlar arasında da bu fəxri adı daşıyanlar var. Çoxluğun və əksəriyyətin fikrini də nəzərə almaq şərtilə, konkret danışmağa (yazmağa) çalışacam. İlk olaraq, bu yaxınlarda (müsəlmanın bu yaxınlarında) mənim də daxil olduğum əksəriyyətin volidol preparatından istifadə etməsinə səbəb olan bir xəbər- Aygün Kazımovanın “Xalq artisti” adı alması haqqında! Hələ indi-indi güclə inanmağa başladığım bu xəbəri eşidib çıxılmaz stressə düşdüyüm vaxtlar oxuduğum məqalələrdən birində qəşəng bir cümlə ilə rastlaşmışdım: “Bir xalqın ki, artisti Aygün Kazımovadır, heyf o xalqdan...” (Lap ürəyimi oxuyubeee) Amma gəlin, təkcə Aygün Kazımovanı qaralamayaq. Guya ki, Faiq Ağayev layiqdir o ƏN YÜKSƏK ada? Yoxsa Zülfiyyə Xanbabayeva? Hələ “Əməkdar artist” adı çox idi axı onlar üçün... Niyə belə oldu ki? Bir qədər subyektiv səslənsə də, yenə deyirəm, əslində böyük bir çoxluğun fikridir bütün bu söylədiklərim! Həqiqətən də, Azərbaycanda layiq olmadığı halda “Xalq artisti” adını daşıyanlar, əsl xalqın artisti olduğu halda “adsız qalanlar” çoxdur. Düzdür, insana adına görə hörmət qoymazlar. Azərbaycan Respublikasının xaaalq artisssti olmaqla deyil ki! Əsas odur ki, Azərbaycan xalqının artisti olasan! Məsələn, bir həmsöhbətim düşünür ki: “Nooolsun Aygün Kazımova 20 ildir səhnədədir? Keyfiyyət yoxdursa, kəmiyyət də boş şeydir! Amma Akif İslamzadə... nəinki xalq, hətta əməkdar artist adını belə görməyib hələ, mən biləni. Bu boyda da haqqsızlıq olar? Və yaxud da el arasında Rəmiş kimi tanınan Rafiq Hüseynov... 1 il əvvəl “əməkdar artist” oldu. Halbuki, o lap çoxdan xalqın artistidir”. Başqa bir həmsöhbətim isə belə fikirləşir: “Sənətkarlar var ki, varlığından kimsənin xəbəri yox, fəxri adlar daşıyanlar var ki, bir qəpiklik sənəti yox! Məleykə Əsədovaya isə bu ad heç yaraşmır. Tərəzidə Nəsibə Zeynalova ilə ona eyni çəkili daş qoymaq ən azından günahdır”. Əksər həmsöhbətlərim isə bu fikirdədir: “Bəziləri “Xalq artisti” adını almaqla öz adlarının qalxacağını düşünürdü. Əslində isə, bu adı öz səviyyələrinə saldılar”. Həmin həmsöhbətlərim mənə söz verdilər ki, sabah Ruhi “Xalq artisti” adına layiq görülsə, təəccüblənməyəcəklər. Aygün Kazımovaya baxanda Brilliant Dadaşova “Xalq artisti” adına layiqdir. Brilliant Dadaşovaya baxanda Nazpəri Dostəliyeva, Nazpəri Dostəliyevaya baxanda Nisə Qasımova... Faiq Ağayevə baxanda isə HAMISI!- Bu da forumların birində yazılıb. Biz öz içimizdən olan əsl sənətkarlara və dahilərə öləndən sonra heykəl qoyuruq. (Təbii ki, ANS-in "sms"lə seçdiyi dahilərin bura dəxli yoxdur!) Dilim qurusun, indi gözləyək ki, sənətkarlarımız ölsün, sonra əsl qiymətlərini alsınlar? Kim qarant verə bilər ki, Cavid Hüseyn, Tünzalə Ağayeva, Azərin qala- qala, Nadir Qafarzadə, “Bu şəhərdə”çilərdən Rafael və Coşqun, ilk dəfə mənə nifrətin necə bir hiss olduğunu yaşadan Faiq Şadlı 1-2 ilə xalq artisti olmayacaq? İndi sənətçilər arasında belə bir dəb düşüb. Efirə çıxan-çıxan elə 20, minimum halda isə 10 ildir sənətdə olmağından dəm vurur. Belə baxsan, elə özünün vur- tut 10-20 yaşı var. İlk dəfə səhnəyə bələkdə çıxan bu sənətçilərimizin əksəriyyəti də artıq “Xalq artisti”dir. Dəhşət! Amma vay o günə ki, biz burda xalqın artistlərindən danışdığımız vaxt, ölkə artistlərin xalqına çevrilə... Allah ingilislərə pul, bizə də səbr versin! Amin! |