ANS-in bağlanmasından sonra teleməkanda bir boşluğun yarandığını etiraf etmək lazım gəlirdi. Amma bəzi sabun istehlakçıları ANS-in rolunu hədsiz şişirdərək, bu telekanalın Azərbaycana çox şey verdiyini iddia edirdilər, bağlanmasına görə dəsmal çıxarıb yas mərasimi də qurmuşdular az qala. Məncə, onlar bizə çox şey verməyiblər, sadəcə, çox şey satıblar - makaron, toyuq əti, yumurta, jurnallar, qol saatları və s. Amma yenə də mənim üçün maraqlıdır, bu kanal bizim üçün nə edib axı? ANS-də yayımlanan iki veriliş məni lap qıcıqlandırır. Bunlardan biri meyxana "ustad"larının yarışması olan "De gəlsin", o birisi isə "rəqqas(ə)" olmaq istəyənlərin hoppanıb-düşdüyü "X-dans" verilişidir. "ANS Azərbaycanda meyxananın inkişafında böyük xidmətləri olan kanaldır"- bu sözü o gün kanalda kiminsə dilindən eşitdim. Desəm ətim töküldü, Zahir Əzəmət deyəcək ki, nə ziyanı var, qoy tökülsün də, camaat o boyda pul xərcləyir arıqlamaq üçün. Təsəvvür edirsinizmi, on iki adam, daha doğrusu, on iki "şair" bir maşın uğrunda tüğyan edir, yəni bir-birini didib-dağıdır, söyüb batırır! Sonra da deyirlər ki, niyə xalqımız bu gündədir, niyə ölkə inkişaf etmir? Cavabını deyim gəlsin, əvvəllər papaq altından kişilər çıxardı, indi qafiyə! Yekə-yekə kişilər "çıkkıdı-çıkkıdı" deyə, qışqırıb-bağırır, qafiyəli söyüşlərlə (!) bir-birlərini müxtəlif heyvanlara, əşyalara, əcayib-qərayib məxluqlara bənzədib, meyxana xiridarlarının könüllərini xoş edirlər. Tamaşaçılar da boş dayanmır, ən gülməli söyüş söyəni, ən ağır təhqir edəni daha da bərk alqışlayır, gülüşərək bundan həzz aldıqlarını göstərirlər. Sırf tipik azərbaycanlıya məxsus bir epizod: didişən iki qonşuya baxıb ləzzət almaq. Burada mazoxizm, sadizm elementləri də yox deyil. Meyxananın səyxana səviyyəsində olmasına ANS günahkar deyil, bu kanalın günahını onda görürəm ki, meyxana kimi qeyri-ciddi bir sənətə bu qədər ciddilik donu geyindirib, millətə sırıyır. İndi keçək öz mırtlığı ilə yuxarıdakından heç də geri qalmayan "X dans"a. Bu verilişi də hərdən izləyirəm, çünki arıq olmağın fəsadları daha azdır, nəinki kök olmağın. Verilişin, türklər demiş, adı üstündədir: X-dans, yəni naməlum rəqs. Doğurdan da, mən bu verilişdəki rəqslərdən heç bir şey anlamıram. Axı adını "dans" qoyduqları bu tullanıb-düşmələr, düşük hərəkətlər nədir belə, hansı millətin, xalqın rəqsləridir? Mənə aydın deyil, bu qızlar və oğlanlar niyə hoppanıb-düşür, niyə özlərini həlak edirlər? Bu rəqqas olmaq istəyənlərin yarışmasıdır, yoxsa rəqqasların? Əgər birincidirsə, onda qardaş, bu uşaqları yola salın evə, gedib dərslərini oxusunlar, bir-iki kitab-jurnal vərəqləsinlər, orada boş yerə vaxt itirməsinlər, yox əgər ikinci variantdırsa, onda ümumiyyətlə, sözüm yoxdur. Sözüm olmadığına görə də, elə buradaca susub nöqtəni tıklayıram.